Sağlamlıq

Android smartfonunu viruslardan necə təmizləmək olar

Viruslardan həmişəlik qurtulmağın yolu nədir.

08.12.2025   |   ~7 dəq.

Müasir dövrdə smartfon artıq sadəcə rabitə vasitəsi deyil: smartfon vasitəsilə alış-veriş edirik, internetdən istifadə edirik, kitab oxuyuruq və vaxtımızı sosial şəbəkələrdə keçiririk. Telefonuzun həyatınızdakı rolu nə qədər əhəmiyyətli olarsa, onun təhlükəsizliyinin vacibliyi bir o qədər artacaq. Buna görə də Android cihazınızda virusların olmamasından əmin olmaq vacibdir. Bunu necə edəcəyinizi izah edirik.

Virusların təhlükəsi nədədir

Viruslar zərərli proqram təminatının (malware) bir növüdür. Rahatlıq üçün bu məqalədə "viruslar" və "zərərli proqram təminatı" terminləri sinonimlər kimi işlədilir.

Bu cür proqramlar adi tətbiqlər kimi görünə bilər, lakin onların əsl məqsədi smartfona zərər vermək və ya istifadəçinin məlumatlarına icazəsiz giriş əldə etməkdir. Kaspersky Security Network-un məlumatlarına əsasən, 2024-cü ilin üçüncü rübündə antivirus proqramları zərərli proqram təminatının 6,7 milyon hücumunun qarşısını alıb.

Zərərli proqram təminatı aşağıdakılara qadirdir:

  1. 1. SIM kartdan vəsait çıxarmaq. Cihaz sahibinin müdaxiləsi olmadan mobil hesabın balansı tamamilə tükənənədək ödənişli nömrələrə zəng edir və mesajlar göndərir.

  2. 2. Məlumatları oğurlamaq. Məsələn, ödəniş tətbiqlərinin şifrələrini, bank kartı məlumatlarını və şəxsi məlumatları fırıldaqçılara ötürür.

  3. 3. İstifadəçilər adından mesajlar göndərmək. Kontakt siyahınızdakı nömrələrə viruslar, reklamlar və ya pul köçürməsi tələbləri olan mesajlar göndərilə bilər.

  4. 4. Smartfon proqramlarının normal işini pozmaq. Məsələn, ekranda smartfonun funksiyalarına girişi bloklayan və blokun açılması üçün ödəniş tələb edən ransomware banneri əks olunur.

  5. 5. Cihazın gücündən istifadə etmək. Məsələn, gizli reklam göstərmək və ya kriptovalyuta mayninqi həyata keçirmək üçün.

Smartfondakı viruslar necə
olur?

Bir qayda olaraq, fırıldaqçılar üç əsas zərərli proqram növündən istifadə edirlər.

Troya atları Onlar istifadəçinin yüklədiyi virusa yoluxmuş tətbiq və fayllarla smartfona daxil olur. Məsələn, Troya atları oyunlara, sistem optimizatorlarına və “Ruletka” kimi sadə tətbiqlərə yerləşdirilə bilər. Hiylə bundadır ki, tətbiq normal işləyir, lakin eyni zamanda arxa planda troya atları fəaliyyətə başlayır. O, cihazı idarə edə bilər, məsələn, faylları silə, mesajlar göndərə, yeni viruslar quraşdıra və kameradan istifadə edə bilər. Həmçinin şəxsi məlumatları (kontakt nömrələrdən tutmuş fotoşəkillərə qədər) fırıldaqçılara ötürə bilər.

Casus proqram təminatı. Troya atlarından fərqli olaraq, məqsədyönlü şəkildə işləyir. Casus proqram təminatı cihazı tam idarə etmək üçün deyil, gizli şəkildə şəxsi məlumatları toplamaq və ötürmək üçün nəzərdə tutulub. Məsələn, məxfi bank kartı məlumatlarını əldə etmək üçün klaviaturaya edilən toxunuşları oxuyur. Casus proqram təminatı həmçinin zəng tarixçəsini, mesaj məzmununu, cihazın geolokasiyasını, məktubları və fotoşəkilləri hədəfləyir. Fırıldaqçılar bu məlumatlardan maliyyə fırıldaqçılığı və ya şəxsiyyət oğurluğu üçün istifadə edə bilərlər. Əksər hallarda casus proqram təminatı və troya atları birlikdə fəaliyyət göstərir.

Reklam proqram təminatı. Bu tip viruslar bloklanmış smartfon ekranında və reklam yerləşdirilməyən veb saytlarda belə pop‑up reklam pəncərələri göstərə bilər. Virus istifadəçinin smartfondan necə istifadə etdiyini izləyir: hansı tətbiqləri açdığını, hansı saytlara daxil olduğunu, axtarışda nə yazdığını müəyyənləşdirir və sonra maraqlarına uyğun reklamlar göstərir.

Viruslar smartfonlara necə daxil olur?

Virusların üç əsas səbəbi mövcuddur.

Köhnəlmiş proqram təminatı. Smartfon tətbiqləri nə qədər gec yenilənsə, cihazın virusa yoluxma riski bir o qədər artır — çünki tərtibatçılar yaranan zəiflikləri məhz yeniləmələrlə aradan qaldırırlar. Təhlükəsizliyi təmin etmək üçün yeniləmələri müntəzəm quraşdırın. Bu, xüsusilə brauzer və mobil bank tətbiqləri üçün vacibdir.

Etibarsız mənbələrdən yüklənmiş tətbiqlər. Məsləhət sadədir, amma təsirlidir: tətbiqləri yalnız rəsmi mağazalardan yükləyin.

Mesajlarda və elektron məktublarda olan şübhəli linklərə keçid. Lotereyada qalib gəldiyinizi bildirən məktub və ya bankdan gələn mesaj rəsmi görünsə belə, link sizi saxta veb sayta yönləndirə bilər. Hər hansı bir məsələdə aydınlaşdırmaya ehtiyacınız olarsa, rəsmi əlaqə məlumatlarından istifadə edərək birbaşa müvafiq şirkət və ya bankla əlaqə saxlamaq daha məqsədəuyğundur.

Knox nədir və
Galaxy smartfonlarını necə qoruyur?

Android 7 və daha yeni versiya ilə smartfonlardakı məlumatlar standart olaraq şifrələnir — adətən bu, cihazı etibarlı qorumaq üçün kifayətdir. Galaxy smartfonları həmçinin məlumatların daha yaxşı qorunmasını təmin edən daxili Knox texnologiyası ilə təchiz edilib.

Knox bunları edir:

  • ● Cihazınızdakı vacib məlumatların üçüncü tərəflərlə ələ keçirilməsinin qarşısını almaq üçün onları şifrələyir. Ekran bloklama şifrələri, biometrik məlumatlar, Samsung Health*, Samsung Pass* və xüsusi Knox qovluğundakı məlumatları qoruyur. Onlayn bankçılıq, messencer və fotoşəkillər kimi istənilən fayl və tətbiqləri oraya köçürə bilərsiniz.

  • ● Əməliyyat sistemini real vaxt rejimində izləyir. Şübhəli dəyişiklik baş verərsə, Knox onu aşkarlayır və vacib məlumatlara girişin qarşısını alır.

  • ● Brauzerdə fişinq (saxta) saytları aşkarlayır və bloklayır.

Smartfonunuzda virusun olub-olmadığını necə müəyyən etmək olar?

Virusları aşkar etmək həmişə asan olmur: onlar çox vaxt adi tətbiqlər kimi gizlənir və varlıqlarını heç cür büruzə vermirlər. Buna görə virus əlamətlərini aşkar etmək üçün smartfonunuzun işindəki dəyişiklikləri izləmək olduqca vacibdir. Bu, zərərli proqram təminatının göstəricisi ola bilər.

Diqqət yetirməli olduğunuz əsas əlamətlər bunlardır:

  • Smartfon daha yavaş işləyir. Sadə desək, smartfon heç bir görünən səbəb olmadan yavaş işləməyə başlayır. Sistemin normal işləməsinə RAM və digər resursları “istehlak edən” zərərli proqram müdaxilə edə bilər.

  • Smartfon həddindən artıq qızır, yenidən işə salınır və batareyası əvvəlkindən daha tez tükənir. Viruslar tez-tez arxa fonda işləyir, prosessoru yükləyir və daimi internet bağlantısı tələb edir. Bu, batareyanın tez tükənməsinə və cihazın həddindən artıq qızmasına səbəb olur. Sistem artıq tapşırıqları yerinə yetirə bilmədikdə, cihaz öz-özünə yenidən işə salınır.

  • Quraşdırmadığınız və tanımadığınız tətbiqlər görürsünüz. Bu cür proqramlar demək olar ki, həmişə smartfonunuzun virusa yoluxduğunu göstərir. Virus sizdən xəbərsiz işləməsi üçün lazım olan tətbiqləri yükləyib quraşdırır, daha sonra isə həmin tətbiqlər cihazda administrator hüquqları əldə edərək onu idarə etməyə başlayır.

  • İnternet trafikinizin kəskin artması. Bu, virusun şəbəkədə fasiləsiz işlədiyini göstərə bilər: məlumat ötürür və əlavə proqram təminatı yükləyir. Telefonunuzun parametrlərində trafik istifadəsini yoxlaya bilərsiniz.

  • Pop-up reklam pəncərələri. Unutmayın ki, bu cür reklamlardakı linklərə klikləmək təhlükəlidir.

  • Şübhəli zənglər və mesajlar. Əgər etdiyiniz zənglər siyahısında zəng etmədiyiniz nömrələr və ya göndərmədiyiniz mesajlar varsa, çox güman ki, bu, troya atıdır.

Telefonu viruslardan necə təmizləmək olar?

Əsas odur ki, panikaya düşməyin: vəziyyəti düzəltmək mümkündür. Təlimatlar bunlardır:

  1. 1. Mobil hesabınıza icazəsiz girişin qarşısını almaq üçün SIM kartı telefonunuzdan çıxarın.

  2. 2. Telefonunuzu təhlükəsiz rejimdə yenidən işə salın — bu rejimdə yalnız sistem tətbiqləri işləyir, yüklənmiş proqramlar isə müvəqqəti olaraq bloklanır. Bunu Android smartfonunda etmək üçün cihazın işə salınma düyməsini vurub ekran menyusu görünənə qədər saxlayın. Sonra "Söndürmək" opsiyasını vurub saxlayın, cihaz təhlükəsiz rejimdə yenidən işə salınmanı təsdiqləməyi təklif edənə qədər. Seçiminizi təsdiqləyin.

  3. 3. Google Play və ya Galaxy Store-dan antivirus proqramını yükləyin və quraşdırın (Galaxy smartfonlarında artıq McAfee əsaslı antivirus proqramı mövcuddur). Rəsmi tətbiq mağazaları sizi faydalı proqram kimi gizlədilmiş zərərli tətbiqlərin yüklənməsindən qoruyur. Antivirus seçərkən tətbiqin reytinqinə və istifadəçi rəylərinə diqqət yetirin.

  4. 4. Antivirus proqramını işə salın və smartfonunuzu skan edin. Tapılan bütün zərərli proqramları və şübhəli tətbiqləri silin.

  5. 5. Başqa bir antivirus proqramı yükləyin və birincinin işini yenidən yoxlayın.

  6. 6. Tətbiqlər siyahısını yoxlayın və cihazınızdan bütün tanımadığınız tətbiqləri silin.

Hansı antivirusu quraşdırmaq olar

2025-ci ilin may ayında İT təhlükəsizliyi tədqiqat institutu AV-Test* Android platformasında işləyən smartfonlar üçün antivirus proqram təminatına dair araşdırma aparıb. Bu araşdırmada 11 antivirus proqram təminatı təchizatçısı iştirak edib. Alimlər 6 ay ərzində məhsulları zərərli proqramları və virusları aşkar etmək qabiliyyətinə görə sınaqdan keçiriblər. Onları aşkar edib zərərsizləşdirmək qabiliyyətinə əlavə olaraq, istifadə rahatlığı, səmərəlilik və yalnış xəbərdarlıq səviyyəsi də qiymətləndirilmişdir. Aşağıda bu tədqiqatda yüksək nəticə göstərən dörd tətbiqi təqdim edirik.

MacAfee Мobile Security*
Cihazda baza qorumanı təmin etməklə yanaşı, proqramın pulsuz versiyası yüklənmiş faylları avtomatik skan edir və məlumat sızması verilənlər bazalarında istifadəçinin elektron poçt ünvanını axtara bilir.

Bitdefender Mobile Security*
Smartfonun sistemi və batareyasına minimal təsir göstərir. Cihazda baza qorumanı təmin etməklə yanaşı, tətbiq SD kart skanlama, təhlükəsizlik auditi və internetə çıxış zamanı təhlükəsizliyin təmin edilməsi xüsusiyyətlərinə malikdir.

Avast Mobile Security*
Real vaxt rejimində antivirus monitorinqi aparır, yeni proqramları skan edir və potensial risklər barədə məlumat verir. Həmçinin elektron poçtu fırıldaqçılardan qoruyur.

Kaspersky Premium for Android*
Tətbiq cihazın avtonom işləmə vaxtına demək olar ki, heç təsir göstərmir. Pulsuz versiyada proqram üçüncü tərəf tətbiq icazələrini izləyir, smartfon itdikdə onu uzaqdan idarə etməyə imkan verir və təhlükəli keçidləri avtomatik aşkarlayan barkod skanerinə giriş təqdim edir.

Yuxarıdakı üsul
nəticə vermədisə nə etməli?

Smartfonun parametrlərini zavod parametrlərinədək sıfırlamalı olacaqsınız. Viruslarla mübarizənin bu üsulu telefondakı bütün məlumatları siləcək, lakin cihazı zərərli proqramlardan tam şəkildə təmizləyəcək. Vacib məlumatları itirməmək üçün mütəmadi olaraq ehtiyat nüsxələri yaratmağı unutmayın. Bunun necə həyata keçirilməsi barədə ətraflı məlumatlar isə bu məqalədə təqdim edilir.

Beləliklə, smartfonu zavod parametrlərinə qaytarmaq üçün etməli olduqlarınız bunlardır:

  1. 1. Cihaz parametrlərinə daxil olun və Sistem və ya Bu telefon haqqında bölməsini seçin.
  2. 2. Siyahıdan "Məlumatları sıfırla" (və ya "Zavod parametrlərinədək sıfırla") seçin.
  3. 3. Seçiminizi təsdiqləyin və sıfırlamanın tamamlanmasını gözləyin.

Əgər ehtiyat nüsxə yoxdursa, smartfonu sıfırdan tənzimləməli olacaqsınız. Parametrləri özünüz tənzimləyə bilmirsinizsə, Samsung xidmət mərkəzinin mütəxəssisləri ilə əlaqə saxlayın.

Knox-un etibarlı qoruması altında

Digər hekayələri oxuyun