Layfxaklar

Wi-Fi-ni mənzildə necə yaxşılaşdırmaq olar

İnternetin bütün mənzildə sürətli işləməsi üçün routeri harada yerləşdirmək və siqnalı necə gücləndirmək olar?

17.06.2026   |   ~10 dəq.

Wi-Fi əhatə keyfiyyəti böyük ölçüdə routerdən asılıdır — bu cihaz provayderdən gələn internet siqnalını qəbul edir və onu radio dalğaları vasitəsilə simsiz şəbəkə ilə paylayır.

Bağlantının sürətli və stabil olması üçün cihazı düzgün yerləşdirmək vacibdir: mənzilin mərkəzində və ya internetə daha çox ehtiyac olan otaqlara yaxın. Divar və mebel kimi maneələr nə qədər az olsa, bir o qədər yaxşıdır. Əgər əhatə zonası yetərli deyilsə, Wi-Fi siqnalını repeater, PLC-adapter və ya mesh-sistem vasitəsilə gücləndirmək olar.

Texniki göstəricilər də önəmlidir. Məsələn, 2026-cı il üçün routerlərdə optimal standart Wi-Fi 7-dir və ya ən azı Wi-Fi 5-dən aşağı olmamalıdır. Maksimum sürət üçün 5 GHz dəstəyi, daha geniş əhatə və “ağıllı” məişət texnikası üçün isə 2,4 GHz tezliyi vacibdir. İdeal halda cihaz hər iki tezlik diapazonunda eyni vaxtda internet paylamalıdır.

Biz sizə mənzildə və ya evdə routeri harada və necə yerləşdirməyin daha düzgün olduğunu, həmçinin onun müasir standartlara uyğun olub-olmadığını necə yoxlamağı izah edirik.

Routeri harada yerləşdirmək daha yaxşıdır

Əgər Wi-Fi router düzgün olmayan yerdə yerləşdirilibsə, hətta ən müasir və güclü model olsa belə siqnal zəif olacaq.

Router üçün ideal yer — mənzilin mərkəzidir. Onu mütləq qonaq otağının ortasında qoymaq şərt deyil, amma nəzərə almaq lazımdır ki, cihaz nə qədər mərkəzə yaxın olsa, siqnal şəbəkə üzrə bir o qədər bərabər paylanır. Xüsusilə çoxlu niş və arakəsməsi olan evlərdə bu daha vacibdir, çünki onlar siqnalın qarşısını alan maneələrdir.

Mənzildə yükdaşıyan divarlar varsa, routeri internetdən daha çox istifadə olunan otaqlara — qonaq otağına və ya ev ofisinə daha yaxın yerləşdirmək daha yaxşıdır: orada siqnal daha güclü olur. Ev ofisinin təşkili ilə bağlı məsləhətləri oxucularımız bu materialda paylaşmışdı.

Routeri açıq yerdə, döşəmədən 1,5–2 metr hündürlükdə yerləşdirin, məsələn, rəfdə və ya divara bərkidilmiş vəziyyətdə. Onu tumbanın içinə, şkafa və ya televizorun arxasına gizlətmək tövsiyə edilmir: mebel və məişət texnikası siqnalın yayılmasına mane olur və internet sürətini azalda bilər.

Bəzən antenanın istiqamətini dəyişmək və ya routeri cəmi bir metr kənara çəkmək belə nəzərəçarpacaq fərq yaradır. Məsələn, antenaların şaquli vəziyyəti siqnalın üfüqi yayılması üçün daha uyğundur, üfüqi vəziyyət isə, məsələn, iki mərtəbəli evdə siqnalın yuxarı və aşağı mərtəbələrə daha yaxşı çatmasına kömək edir. Bu, siqnalın antena oxuna perpendikulyar şəkildə, konusvari trayektoriya üzrə yayılması ilə bağlıdır. Sadə desək: mənzildə internet siqnalının otaqlara daha yaxşı yayılması üçün antenaları şaquli yerləşdirin.

Şəbəkəni analiz etmək üçün WiFi Analyzer, Windows üçün Acrylic WiFi Home və ya Android üçün AirScout Live kimi tətbiqlərdən istifadə etmək olar. Bu proqramlar siqnal gücünü göstərir və internetin ümumiyyətlə işləmədiyi zonaları tapmağa kömək edir. Bəzi routerlərdə isə daxili diaqnostika alətləri var: sadəcə rəsmi tətbiqi yükləyib telefonla mənzildə gəzmək kifayətdir ki, siqnalın zəiflədiyi yerləri görə biləsiniz. Beləliklə, router üçün ən ideal yeri müəyyən edə bilərsiniz.

Router üçün ən pis yerlər

Routerləri aşağıdakı yerlərə qoymaq məsləhət deyil:

  • • Radiatorların və digər istilik mənbələrinin yanında — yüksək temperatur cihazların ömrünü azaldır.

  • • Mikrodalğalı soba və televizorların yanında — onlar elektromaqnit dalğalar yayır və xüsusilə 2,4 GHz diapazonunda routerin işinə mane olur. Bu barədə Science ABC elmi jurnalında yazılıb.

  • • Akvariumun yanında — istənilən böyük su kütləsi (hətta su dispenserləri üçün butulkalar belə) radio dalğalarını udur. Buna görə də onların yaxınlığında siqnal nəzərəçarpacaq dərəcədə zəifləyir.

Divar materialları da çox önəmlidir. Beton, kərpic və armaturla möhkəmləndirilmiş konstruksiyalar siqnalı ciddi şəkildə zəiflədir, çünki sıx material və metal elementlər əks etdirici ekran kimi işləyir. 2024-cü il tədqiqatına görə, müxtəlif materialların siqnala təsiri belədir:

2021-ci il başqa bir tədqiqatda isə müəlliflər həmçinin müxtəlif divar və döşəmə materiallarının siqnala necə təsir etdiyini göstəriblər. 15 sm qalınlığında beton konstruksiya siqnal gücünü 31%, 3,4 sm qalınlığında taxta qapını 13,6%, 7 sm qalınlığında kontrplak divarını cəmi 2,8% və 1 sm-dən az qalınlığında nazik plastik arakəsməni 1,59% azaltmışdır. Materialların qalınlığı eyni olarsa, plastik siqnalı ən zəif ötürən material sayılır. Lakin praktikada beton divarlar adətən plastik arakəsmələrdən xeyli qalın olduğundan siqnalı daha çox zəiflədə bilir.

Kafel də Wi-Fi dalğaları üçün yaxşı material deyil: kafellə örtülmüş qalın daşıyıcı divar siqnalı tamamilə zəiflədə bilər. Buna görə internetin ən zəif işlədiyi yerlər çox vaxt mətbəx və hamam olur.

Wi-Fi əhatəsini necə yaxşılaşdırmaq və internet sürətini artırmaq olar: sadə və qabaqcıl üsullar

Əgər router artıq düzgün yerdədirsə, amma sürəti artırmaq istəyirsinizsə, şəbəkəni optimallaşdırmağa çalışın.

1. Sadədən başlayın

Bəzənrouteri sadəcə yenidən başlatmaq kifayət edir: keş təmizlənir, bağlantı yenilənir, yüklənmə yenidən paylanır. Nəticədə sürət bir neçə dəqiqə ərzində nəzərəçarpacaq dərəcədə artır. Yenidən başlatmaq üçün cihazı söndürmək, 5–10 saniyə gözləmək və sonra yenidən yandırmaq kifayətdir.

“Yad” qoşulmaların sayını azaldın, yəni əgər nə vaxtsa internetinizi qonşularla paylaşmısınızsa, şifrənizi yeniləyin. Bu, həm də təhlükəsizlik baxımından vacibdir: etibarlı şifrə şəxsi məlumatlarınızı dələduzlardan qoruyur. Qoşulmuş cihazların sayı routerin idarəetmə panelində göstərilir. Bu paneli brauzerin ünvan sətrinə 192.168.0.1 və ya 192.168.1.1 IP ünvanını daxil edərək açmaq olar.

Həmçinin cihazlara prioritet vermək mümkündür, məsələn, noutbuk və ya televizor üçün üstünlük təyin etmək. Eyni zamanda routerin parametrlərində daha az yüklənmiş Wi-Fi kanalı seçilə bilər. Bu parametlərə də brauzer vasitəsilə və ya varsa, rəsmi tətbiqdə daxil olmaq mümkündür. Beləliklə, siqnal səviyyəsi daha stabil olur.

Routerin proqram təminatını mütəmadi yeniləmək də vacibdir: istehsalçılar bu yeniləmələri rəsmi saytlarında paylaşırlar. Əgər cihazın mobil tətbiqi varsa, yeniləmələri oradan da yoxlamaq mümkündür.

Routerin özünü də vaxtında yenisi ilə əvəz etmək lazımdır: adətən bir cihaz 2–5 il stabil işləyir. Daha uzun istifadə edilərsə, texnoloji olaraq köhnəlir. Məsələn, Wi-Fi 4 və daha aşağı standartda işləyən cihazları dəyişmək məsləhətdir — onlarla internet sürətini artırmaq mümkün olmur. 2026-cı il üçün ən müasir standart Wi-Fi 7-dir (IEEE 802.11be). Standart istehsalçıların veb saytlarında və onlayn mağazalarda routerlərin sənədlərində və təsvirlərində göstərilir.

2. Avadanlığı təkmilləşdirin

Əgər sadə üsullar Wi-Fi siqnalını gücləndirməyə kömək etmirsə, daha qabaqcıl həllərə keçmək olar.

  • Antenləri dəyişin. Bəzi modellərdə antenlər çıxarıla bilir. Siqnal zəifdirsə, standart antenləri daha güclü — daha yüksək gücləndirmə əmsalına (8 dBi-dən yuxarı) malik antenlərlə əvəz etmək olar. Bu, əlavə avadanlıq olmadan şəbəkənin əhatə dairəsini artırır.

  • Siqnal gücləndirici (repeater) quraşdırın. Sadə və nisbətən ucuz həll yoludur. Bu cihaz mövcud şəbəkəyə qoşulur və siqnalı təkrarlayaraq internetin zəif olduğu və ya ümumiyyətlə olmadığı zonalarda sabit əlaqə yaradır. Lakin repeater-ə qoşulan cihazlarda sürət birbaşa routerə qoşulma ilə müqayisədə aşağı olur. Bundan əlavə, repeater qoşulduqda routerin ümumi sürətində də bir qədər azalma ola bilər.

  • Powerline-adapterdən (PLC-adapter) istifadə edin. Əgər mənzildə divarlar qalındırsa, internet siqnalını elektrik naqilləri vasitəsilə ötürən powerline-adapter istifadə etmək olar. Bu sistem iki hissədən ibarətdir: biri routerə qoşulur, digəri isə lazım olan otaqdakı rozetkaya taxılır.

  • Mesh sistem quraşdırın. Böyük mənzillər və fərdi evlər üçün müasir texnoloji həllərdən biridir. Sistem əsas routerdən və bir neçə moduldan (satelitdən) ibarətdir. Bu modullar bütün ərazi üzrə şəbəkə nöqtələri yaradır və vahid sistem kimi fəaliyyət göstərərək cihazları avtomatik olaraq ən yaxşı siqnalın olduğu nöqtəyə yönləndirir. Nəticədə internet sürəti evin hər yerində sabit qalır və əhatə dairəsi genişlənir.

Repeater və mesh sistemi arasındakı fərq

Parametr

Repeater

Mesh sistemi

İş prinsipi

Router siqnalını təkrarlayır

Bir neçə moduldan vahid şəbəkə yaradır

Wi-Fi şəbəkə adı

Çox vaxt ayrıca şəbəkə olur

Bütün ev üçün bir şəbəkə

Sürət

Siqnalın yenidən ötürülməsi səbəbindən azalır 

Daha stabil, demək olar ki, itkisiz

Nöqtələr arasında keçid

Əl ilə və ya gecikmə ilə

Avtomatik və görünməz

Əhatə

Lokal gücləndirmə (bir zona)

Mənzilin və ya evin hər yerində bərabər əhatə 

Uyğun olduğu hallar

Kiçik mənzillər, lokal əhatə problemləri

Böyük mənzillər və evlər

Wi-Fi 2,4 GHz, 5 GHz və 6 GHz
arasındakı fərq

Simsiz siqnal müəyyən tezlik diapazonlarında radio dalğaları ilə yayılır — əsasən 2,4 GHz və 5 GHz. Bu seçim ev Wi-Fi keyfiyyətində əsas faktorlardan biridir. Müasir routerlər, Wi-Fi 5 ilə uyğun olanlardan başlayaraq, həmişə hər iki diapazonu dəstəkləyir, lakin onlar fərqli şəkildə işləyir və şəbəkə qurarkən bu nəzərə alınmalıdır. Wi-Fi 6E nəsilindən başlayaraq 6 GHz də əlavə olunur.

2,4 GHz

2,4 GHz klassik simsiz internet diapazonudur. Bu diapozonda adətən “ağıllı” məişət texnikası da işləyir. O, yaxşı əhatə dairəsi və ötürmə qabiliyyətini təmin edir: siqnal hətta bir neçə divardan keçir. Lakin bir çatışmazlıq da var: bu tezlikdə yalnız routerlər deyil, həm də mikrodalğalı sobalar, simsiz siçanlar, dinamiklər və hətta “ağıllı” lampalar işləyir. Bu da “səs-küy” yaradaraq sürəti və stabilliyi azaldır.

5 GHz

5 GHz daha yüksək bağlantı sürəti təmin edir və xüsusilə canlı yayımlar, onlayn oyunlar və videozənglər üçün uyğundur. Lakin bu tezlikdə siqnal maneələrdən zəif keçir: hətta bir divar belə sürəti ciddi azalda bilər. Təcrübələr göstərir ki, divarlardan keçərkən siqnal itkisi daha yüksək olur: məsələn, kərpic divar 2,4 GHz-də təxminən 10 dB, 5 GHz-də isə təxminən 15 dB itki yaradır.

Ən optimal həll — iki diapazonlu routerdir. O, eyni zamanda 2,4 və 5 GHz tezliklərində işləyir və cihazları avtomatik olaraq şəbəkənin daha uyğun giriş nöqtəsinə qoşur.

Məsələn, qonaq otağındakı noutbuk serialları onlayn izləmək üçün 5 GHz-dən istifadə edə bilər, mətbəxdəki ağıllı dinamik isə 2,4 GHz-dən istifadə edəcək: ona güclü yox, sabit siqnal kifayətdir.

6 GHz

6 GHz diapazonu istehlak Wi-Fi-da ən yeni tezlikdir. Onu Wi-Fi 6E dəstəyi olan routerlər dəstəkləyir. 2,4 və 5 GHz-dən fərqli olaraq bu diapazon hələ demək olar ki, boşdur: burada daha az maneə və daha çox kanal var, buna görə də əlaqə daha sürətli və stabil ola bilər — xüsusilə çoxmənzilli binalarda.

Amma bir nüans var: tezlik nə qədər yüksəkdirsə, siqnal maneələrdən bir o qədər zəif keçir. Buna görə 6 GHz daha çox qısa məsafələrdə işləyir — faktiki olaraq bir otaq daxilində və ya routerə birbaşa görünmə olduqda. Divarlardan keçərkən bu siqnal 5 GHz-dən də daha tez zəifləyir.

Mənzil və ev üçün router necə
seçilməlidir

Uyğun internet sürətini seçirik

Əgər mənzildə iki otağa qədərdirsə və internet provayderi gigabit maksimal sürətə zəmanət vermirsə, ən bahalı modeli seçmək vacib deyil. Kiçik mənzildə və ya evdə orta səviyyəli router bahalı model qədər stabil Wi-Fi bağlantısı təmin edə bilər.

Lakin nəzərə almaq lazımdır ki, ucuz routerlər adətən maksimum 100 Mbit/s sürəti dəstəkləyir. Provayderdə daha yüksək tarif olsa belə, bu cihazlar sürəti artıra bilməz. 100 Mbit/s əksər hallarda kifayət etsə də, bir neçə nəfər eyni anda video izləyirsə və ya çoxlu cihaz qoşulubsa, 1 Gbit/s dəstəkləyən router daha yaxşı seçimdir.

Seçim zamanı beş əsas məqama diqqət yetirmək lazımdır.

  • 1. Rabitə standartını və qoşulan cihazların sayını yoxlayın. Müasir evlərdə “ağıllı” cihazların sayı gözlənilmədən çox ola bilər: televizor, telefonlar, noutbuklar, robot tozsoran, simsiz tozsoran, kondisioner, paltaryuyan, buxar şkafı, soba, bişirmə paneli, aspirator, su sızma sensorları, qapı sensorları, rozetkalar və pərdələr və s. Çox cihaz qoşulursa, eyni anda çoxlu bağlantını dəstəkləyən router seçmək lazımdır. Texniki göstəricilərdə adətən dəqiq rəqəm göstərilir, amma ehtiyatla daha yüksək göstəricili model seçmək yaxşıdır. Həmçinin bağlantı sürətinə və Wi-Fi standartına diqqət edin — ən azı Wi-Fi 5 olmalıdır.

  • 2. Antenlərin sayını hesablayın. Anten nə qədər çoxdursa, Wi-Fi əhatəsini bir o qədər yaxşı tənzimləmək və genişləndirmək olur. Bu xüsusilə böyük mənzillərdə və çox maneəli (divar, mebel) evlərdə vacibdir.

  • 3. MU-MIMO dəstəyini yoxlayın. Bu texnologiya routerə eyni anda bir neçə cihazla işləməyə imkan verir və onların hər biri üçün bağlantı sürətinin azalmasının qarşısını alır. MU-MIMO dəstəyi adətən texniki göstəricilərdə və cihaz üzərində qeyd olunur.

  • 4. İdarəetmə sistemi və əlavə funksiyalar. Rahat tətbiq, daxili şəbəkə təhlükəsizliyi funksiyaları, yeniləmə dəstəyi və ağıllı ev sistemləri ilə inteqrasiya imkanı routerə əlavə üstünlüklər qazandırır.

  • 5. Rəyləri və model ixtisaslaşmasını yoxlayın. Bəzi modellər oyunlar və canlı yayımlar üçün nəzərdə tutulub, digərləri eyni vaxtda çoxlu cihazın qoşulması üçün idealdır, bəziləri geniş əraziləri yaxşı əhatə edir, digərləri isə siqnalı divarlar və mərtəbəarası örtüklərdən daha yaxşı keçirir.

Bitdi! Wi-Fi keyfiyyətini necə yoxlamaq olar

İnternetin nə qədər sürətli və stabil olduğunu onlayn sürət testləri ilə yoxlamaq olar. Bu testlər yükləmə sürətini və cihazla server arasındakı gecikməni göstərir. Gecikmə nə qədər azdırsa, bir o qədər yaxşıdır: səhifələr tez açılır, video və səs sinxron gedir.

Əgər internet bəzən zəifləyib sonra yenidən sürətlənirsə, trafiki nəyin sərf etdiyini yoxlayın. Cihazlar tətbiqləri avtomatik yeniləyir, bulud yaddaşından fayllar yükləyir və ya fotoları sinxronlaşdırır. Müasir routerlər qoşulmuş cihazların siyahısını və onların aktivliyini göstərir — bu isə trafikin bir hissəsini hansı cihazın “istifadə etdiyini” tez tapmağa və onunla bağlı qərar verməyə kömək edir: məsələn, sinxronizasiya tezliyini azaltmaq. Məlumatlara brauzer və ya router tətbiqi vasitəsilə baxmaq mümkündür.

Əsas nəticə

  • ● Routeri mənzilin mərkəzinə yaxın yerləşdirin: siqnal daha bərabər paylanır. Divarlar qalındırsa və ya sahə böyükdürsə, internetə daha çox ehtiyac olan otaqlara yaxın qoyun.
  • ● Cihazı döşəmədən 1,5–2 m hündürlükdə yerləşdirin və mebel, texnika və digər maneələrlə örtməyin — bunlar siqnalı zəiflədir.
  • ● Üfüqi yayılma (mənzil) üçün antenləri şaquli, mərtəbələrarası yayılma (ev) üçün isə üfüqi yönləndirin. Əgər siqnalı mərtəbələr arasında yaymaq lazımdırsa (evdə) — antenaları üfüqi vəziyyətdə yerləşdirin.
  • ● Routeri vaxtaşırı yenidən başladın və firmware yeniləyin. Bu sabitliyi artırır.
  • ● Şifrəni mütəmadi dəyişin ki, kənar qoşulmaların qarşısı alınsın.
  • ● Routeri 2–5 ildən bir yeniləyin. 2026-cı il üçün standart ən az Wi-Fi 5, ideal isə Wi-Fi 7-dir.
  • ● Uzaq otaqlarda zəif siqnalı gücləndirmək üçün repeater, powerline-adapter və ya mesh sistemdən istifadə edin.
  • ● İki diapazonlu router seçin (2,4 və 5 GHz): 5 GHz — maksimum sürət üçün, 2,4 GHz — daha yaxşı əhatə üçün.
  • ● Əgər qoşulma sürəti qeyri-stabil olursa, qoşulmuş cihazların siyahısını yoxlayın ki, trafikin bir hissəsini hansı cihazın “istifadə etdiyini” müəyyən edəsiniz.

Cəmi bir neçə toxunuşla Wi-Fi vasitəsilə qoşulun

Digər hekayələri oxuyun