Sağlamlıq

Bu, sehr deyil: ağıllı saatlar
oksigen, yuxunu və stress səviyyəsini necə ölçür?

Sağlamlığımızın qeydinə qalmağa kömək edən sensorların və alqoritmlərin iş prinsipi haqqında əsas məqamlar

13.11.2026   |   ~21 dəq.

Ağıllı saatlar və sağlamlıq göstəricilərini izləyən tətbiqlər nəbz, qandakı oksigen səviyyəsi, yuxu, stress, fiziki aktivlik və bərpa prosesi də daxil olmaqla bir çox göstəricini ölçür və təhlil edir. Bütün bunlar olduqca təsiredici görünür, çünki cihaz əsas məlumatları sadəcə biləkdə olmaqla, fon rejimində avtomatik şəkildə toplayır. Məsələn, cihaz nəbzi və qandakı oksigen səviyyəsini dəridən əks olunan işığın köməyi ilə qiymətləndirir. Gəlin, bunun necə işlədiyinə nəzər salaq.

Saatlar nəbzi necə ölçür və niyə bu bir çox funksiyanın əsasıdır?

Ağıllı (smart) saatlarda əsas texnologiyalardan biri fotopletizmoqrafiyadır (FPG, PPG). Bu texnologiyanın mahiyyəti ondan ibarətdir ki, sensor işığı dəriyə yönəldir, damarlardakı qırmızı qan hüceyrələri (eritrositlər) işığı udur, fotodetektor isə əks olunan siqnalı qeydə alır.

Samsung Galaxy Watch Ultra 21 nümunəsində nəzərdən keçirək. Ürək yığıldıqda damarlara daxil olan qanın həcmi artır və fotodetektora daha az əks olunmuş işıq çatır. Ürək boşaldıqda isə damarlardakı qanın həcmi azalır, işıq daha az udulur və daha güclü şəkildə əks olunur. Cihazlar bu məlumatları oxuyaraq nəbz və qanın oksigenlə doyma səviyyəsi də daxil olmaqla, orqanizmin fizioloji göstəricilərini müəyyən edir.

FPG elektrokardioqramdan (EKQ) fərqli olaraq ürəyin elektrik aktivliyini birbaşa qeydə almır, damarlardakı nəbz dalğasını göstərir. Məhz buna görə siqnal periferiyada müəyyən gecikmə ilə qeydə alınır: əvvəlcə elektrik impuls yaranır, sonra ürək yığılaraq qanı damarlara vurur və nəbz dalğası damarlar boyunca yayılaraq biləyə çatır.

Bu cür gecikmə, adətən, yüzlərlə millisaniyə ilə ölçülür. Sağlam yetkin insanlar üzərində aparılan tədqiqatlarda ürəyin elektrik siqnalı ilə periferik nəbz dalğası arasındakı intervalın təxminən 200 millisaniyə olduğu müəyyən edilib. FPG siqnalının forması və ritmi əsasında alqoritmlər aşağıdakı göstəriciləri təhlil edə bilir:

  • ● İstirahət və fiziki aktivlik zamanı nəbz — orqanizmin fiziki yükə necə reaksiya verdiyini anlamaq üçün.

  • ● Nəbzin dəyişkənliyi — ürək döyüntüləri arasındakı intervalların kiçik dəyişiklikləri. Bu göstərici orqanizmin bərpa vəziyyəti və fiziki yüklənmə ilə əlaqəlidir.

  • ● Stress səviyyəsi — alqoritmlər nəbzi, onun dəyişkənliyini və tənəffüs xüsusiyyətlərini nəzərə alır.

  • ● Yuxu — gecə ərzində cihaz yuxunun müddətini və strukturunu qiymətləndirmək üçün nəbzi, hərəkətləri və digər siqnalları izləyir.

  • ● Qanın oksigenlə doyma səviyyəsi — sensor müxtəlif dalğa uzunluqlarına malik işığın qan tərəfindən necə udulduğunu təhlil edir.

Ağıllı saatların sensorlarının dəqiqliyinə nə təsir edir?

FPG texnologiyasının dəqiqliyi siqnalın keyfiyyətindən asılıdır. İnsan aktiv hərəkət etdikdə saatın qayışı bir qədər sürüşə, cihazın korpusu isə dəriyə tam sıxılmaya bilər. Belə hallarda sensorla bilək arasında boşluq yaranır. Nəticədə fotodetektor nəbz dalğasını düzgün qeydə almaya bilər.

Faydalı siqnalı maneələrdən ayırmaq üçün taxılan cihaz digər sensorlardan da istifadə edir:

  • ● Akselerometr — obyektin sürətlənməsini ölçən cihazdır. O, əlin hansı istiqamətdə və nə dərəcədə kəskin hərəkət etdiyini müəyyən edir.

  • ● Giroskop — obyektin vəziyyətini və əyilmə bucağını müəyyən etməyə kömək edir. Biləyin fırlanmasını və istiqamətini izləyir: istifadəçinin biləyini çevirməsini, yeriyərkən qolunu yelləməsini və ya qəfil hərəkət etməsini qeydə alır.

Bu sensorlar birlikdə alqoritmi əlavə kontekstlə təmin edir. FPG siqnalda qəfil dəyişiklik qeydə alınarsa, eyni zamanda akselerometr və giroskop aktiv hərəkət aşkar edərsə, cihaz dəyişikliklərin bir hissəsinin nəbzdən deyil, hərəkətdən qaynaqlandığını anlayır. İnsan yeriyərkən və ya qaçarkən alqoritm optik siqnalı addımların ritmini və qolun hərəkətini nəzərə alaraq emal edir. Gecə isə əl demək olar ki, hərəkətsiz qalır və nəbz aşağı düşür, bu, yuxu və ya sakit vəziyyətin göstəricisidir.

Saatlar EKQ-ni və arterial təzyiqi necə ölçür?

Ağıllı saatlar müxtəlif göstəriciləri ölçmək üçün fərqli üsullardan istifadə edir. Məsələn, nəbz işıq vasitəsilə müəyyən edilir, EKQ-nin qeydə alınması üçün isə ürəyin elektrik aktivliyini ölçmək lazımdır. Samsung Galaxy Watch arterial təzyiqi əvvəlcədən adi tonometrlə ilkin tənzimləmədən sonra nəbz dalğası əsasında qiymətləndirir.

Saatlar EKQ-ni necə qeydə alır?

EKQ zamanı saat ürəyin fəaliyyəti nəticəsində yaranan elektrik siqnallarını qeydə alır. Bunun üçün Samsung Galaxy Watch-da elektrodlar istifadə olunur. Ölçməni aparmaq üçün saat biləyə sıx oturmalı, digər əlin barmağı isə 30 saniyə ərzində saatın yuxarı düyməsi üzərində saxlanılmalıdır. Bundan sonra Samsung Health Monitor tətbiqində əldə edilən EKQ qeydi göstərilir.

Bu cür qeydlər ürək ritmini izləməyə kömək edir. Lakin nəticələrdən müstəqil şəkildə diaqnoz qoymaq üçün istifadə edilməməlidir. Göstəricilər qeyri-adi görünürsə, həkimə müraciət etmək lazımdır.

Saatlar arterial təzyiqi necə ölçür?

Samsung Galaxy Watch arterial təzyiqi qiymətləndirmək üçün fotopletizmoqrafiya texnologiyasına əsaslanan optik sensordan istifadə edir. Saat biləkdəki nəbz dalğasını qeydə alır, alqoritm isə əldə edilən məlumatları əvvəlcədən aparılmış tənzimləmənin nəticələri ilə müqayisə edərək sistolik və diastolik təzyiqi hesablayır.

İlk ölçmədən əvvəl Samsung Galaxy Watch-u manjetli adi tonometr vasitəsilə tənzimləmək lazımdır. Bundan sonra saat təzyiqi manjetsiz ölçə bilir. Lakin dəqiqliyi qorumaq üçün tənzimləmənin hər 28 gündən bir təkrarlanması tövsiyə olunur. Bu nəticələr göstəriciləri izləmək üçün uyğundur, lakin onların əsasında müalicəni müstəqil şəkildə dəyişmək və ya diaqnoz qoymaq olmaz.

Dəqiq göstəricilər əldə etmək üçün ağıllı saatı necə taxmaq lazımdır?

Cihaz elə taxılmalıdır ki, sensor dəri ilə təmas etsin, lakin qayış biləyi sıxmasın. Məşq zamanı qayışı bir qədər bərk sıxmaq olar. Beləliklə, cihazın korpusu daha az sürüşəcək və sensor daha sabit siqnal əldə edəcək. Məşqdən sonra isə biləyin rahatlığı üçün qayışı yenidən boşaltmaq tövsiyə edilir.

Saatlar qandakı
oksigen səviyyəsini necə müəyyən edir?

Qandakı oksigen səviyyəsi SpO₂ kimi işarə olunur. Bu göstərici hemoqlobinin oksigenlə təxmini doyma səviyyəsini ifadə edir. Hemoqlobin qırmızı qan hüceyrələrində yerləşən və oksigeni ağciyərlərdən toxumalara daşıyan zülaldır. Sadə dillə desək, SpO₂ hemoqlobinin hansı hissəsinin oksigenlə təmin olunduğunu göstərir.

Cihaz bu göstəricini işıq vasitəsilə qiymətləndirir. Sensor dəriyə qırmızı (təxminən 660 nm) və infraqırmızı (təxminən 940 nm) işıq dalğaları yönəldir, fotodetektor isə işığın hansı hissəsinin geri əks olunduğunu ölçür. Burada əsas məqam ondan ibarətdir ki, oksigenlə birləşmiş hemoqlobin və oksigenlə birləşməmiş hemoqlobin işığı fərqli şəkildə udur. Alqoritm əks olunan siqnal əsasında qandakı oksigen səviyyəsini təxmini hesablaya bilir.

Praktikada istifadəçi yalnız yekun rəqəmi, məsələn, Samsung Health sağlamlıq tətbiqində görür. Bu rəqəm əldə edilməzdən əvvəl cihaz biləkdən bir sıra optik siqnallar toplayır, maneələri aradan qaldırır və işığın əks olunmasındakı dəyişiklikləri təhlil edir. Əl hərəkət edərsə, saat biləyə sıx oturmazsa və ya dəri soyuq olarsa, bu nəticənin dəqiqliyinə mənfi təsir göstərə bilər.

Sleep Health jurnalında dərc edilmiş tədqiqatda Samsung Galaxy Watch cihazının ölçdüyü SpO₂ göstəriciləri tibbi pulsoksimetrin nəticələri ilə müqayisə edilib. Orta xəta göstəricisi cəmi 2.3% təşkil edib. Bu, taxılan cihazların məlumatlarına necə yanaşmağın yaxşı nümunəsidir: belə məlumatlar tendensiyaları izləmək və ümumi vəziyyəti anlamaq üçün faydalıdır, lakin özünüdiaqnostika üçün yeganə vasitə ola bilməz.

Saatlar insanın yatdığını necə anlayır?

Cihazın insanın yatdığını birbaşa müəyyən etməsi çətindir, çünki bunun üçün onun məlumat mənbələri kifayət qədər deyil. Laboratoriya şəraitində bu məqsədlə polisomnoqrafiyadan istifadə olunur. İnsanın başına, üzünə, sinəsinə və bədəninin digər nahiyələrinə bir neçə sensor yerləşdirilir. Tədqiqat zamanı həmin sensorlar eyni vaxtda beyin aktivliyini, göz hərəkətlərini, əzələ tonusunu, tənəffüsü, nəbzi və digər göstəriciləri qeydə alır. Saatlar isə yuxunu dolayı əlamətlər əsasında qiymətləndirir: hərəkətlər, nəbz, ürək ritminin dəyişkənliyi, tənəffüs xüsusiyyətləri və biləkdən əldə edilən digər məlumatlar.

İnsan uzun müddət hərəkətsiz qalırsa, nəbzi aşağı düşürsə və bədən siqnalları yuxu vəziyyətinə uyğun gəlirsə, alqoritm onun yatdığını ehtimal edir. Hərəkətlər artdıqda, nəbz dəyişdikdə və bədən daha aktiv olduqda isə saat oyanmanı müəyyən edə bilər. Buna görə də bəzən tətbiqdə istifadəçinin xatırlamadığı qısa oyanma anları görünür. Bu normaldır: insan gecə ərzində, məsələn, yuxu dövrləri arasında bir neçə dəfə qısa müddətə oyana bilər, lakin səhər bunu xatırlamaya bilər. Tədqiqatların birində sağlam yetkin insanların gecə ərzində orta hesabla təxminən 5 dəfə oyandığı müəyyən edilib.

Ağıllı saatlar vasitəsilə yuxu monitorinqi

Yuxu mərhələləri nədir və saatlar onları necə müəyyən edir?

Yuxunu izləyən tətbiqlərdə gecə yuxusu, adətən, bir neçə mərhələyə bölünür: oyaqlıq, yüngül yuxu, dərin yuxu və sürətli yuxu (REM yuxusu). Məsələn, Samsung Health tətbiqində bütün yuxu mərhələləri qrafik şəklində göstərilir. Bu da yuxunun keyfiyyətini qiymətləndirməyi asanlaşdırır.

Yuxu mərhələsi

Orqanizmdə baş verənlər

Saatların qeydə aldığı göstəricilər

Oyaqlıq 

İnsan hələ yuxuya getməyib və ya gecə ərzində qısa müddətə oyanıb.

Hərəkətlər və alqoritmin oyaqlıq dövrü kimi təsnif edə biləcəyi fizioloji siqnallardakı dəyişikliklər.

Yüngül yuxu

Orqanizm oyaqlıqdan yuxuya keçid edir, nəbz və tənəffüs daha müntəzəm olur.

Aktivliyin azalması, nəbz və tənəffüsdəki dəyişikliklər.

Dərin yuxu

İnsan xarici qıcıqlandırı faktorlara daha zəif reaksiya verir, tənəffüs yavaşlayır, əzələlər boşalır.

Adətən daha az hərəkət qeydə alınır, nəbz və tənəffüs göstəricilərində dəyişikliklər baş verir.

Sürətli yuxu (REM)

Beyin aktivliyi artır, bədən isə rahat vəziyyətdə qalır.  Yuxuların əhəmiyyətli hissəsi bu mərhələdə baş verir.

Alqoritm hərəkət, nəbz və tənəffüs göstəricilərinin birləşməsi əsasında REM yuxusunun ehtimalını qiymətləndirir.

Bununla belə, ümumi vəziyyəti nəzərə almaq vacibdir: insanın neçə saat yatması, gecə ərzində nə qədər tez-tez oyanması, yuxu rejiminin nə dərəcədə müntəzəm olması və səhər özünü necə hiss etməsi. Saatın bir gecə ərzində dərin yuxunun az olduğunu göstərməsi hələ problem demək deyil. Göstəricilərə stress, gec saatlarda edilən məşq, yatmazdan əvvəl qəbul edilən qida, alkoqol, kofein, xəstəlik və ya gecə narahat vəziyyət təsir edə bilər.

Saatlar stress səviyyəsini necə qiymətləndirir?

İnsan kifayət qədər yatmayıb, yorulub, xəstələnib, gərgin dövr keçirir və ya məşqlərlə özünü həddindən artıq yükləyir? Bütün bunlar nəbzdə, tənəffüsdə və digər göstəricilərdə öz əksini tapır.

Əsas göstəricilərdən biri nəbzin dəyişkənliyidir. Ürək döyüntüləri arasındakı intervallar sinir sisteminin vəziyyətinə uyğun olaraq dəyişir. İnsan sakit vəziyyətdə olarkən belə ürək döyüntüləri arasındakı müddətlər bir qədər fərqlənir. Bu fərqlər orqanizmin bərpa olunmasından, fiziki yüklənmədən və ya stressə reaksiyasından asılıdır.

Cihaz bütün bu siqnalları qeydə alır, alqoritm isə onları birlikdə qiymətləndirərək stress səviyyəsini hesablayır. Stress səviyyəsi adi göstəricinizdən yüksəkdirsə, qısa fasilə verməyə çalışın: gəzintiyə çıxın, təmiz havada nəfəs alın, sakit mühit təmin edin və ya əksinə, yüngül fiziki hərəkətlər edin. Karyera qurmaqla şəxsi həyat arasında tarazlıq yaratmağa çalışarkən daim narahatlıq keçirirsinizsə, bu mövzuda hazırladığımız materialı oxuyun.

Samsung Galaxy Watch bədənin siqnalları əsasında başqa nələri müəyyən edə bilir?

Oksigen, yuxu və stress göstəricilərindən əlavə, cihaz fiziki aktivliyi, fiziki yükü və bərpa prosesini də izləməyə kömək edir. Bunun üçün cihaz bir neçə məlumat mənbəyini müqayisə edir: nəbz, qolun hərəkətləri, aktivliyin müddəti, temp və bəzi rejimlərdə - QLONASS və GPS kimi naviqasiya sistemlərinin məlumatları.

Məsələn, məşq zamanı saat nəbz zonalarına əsasən fiziki yükün intensivliyini qiymətləndirir. Bu ürəyin müəyyən intensivlikdə işlədiyi diapazondur: yüngül isinmə hərəkətlərindən daha intensiv məşqə qədər. Nəbz aşağı, hərəkətlər sakitdirsə, cihaz yüngül fiziki aktivlik qeydə alır. Nəbz artdıqda, addımlar sürətləndikdə və qol ritmik hərəkət etdikdə isə alqoritm fiziki yükün daha yüksək olduğunu anlayır.

Saatlar gün ərzindəki aktivliyi yalnız nəbz əsasında qiymətləndirmir. Akselerometr və giroskop insanın hərəkət edib-etmədiyini müəyyən etməyə kömək edir: yeriyir, qaçır, dayanır, oturur və ya qolu ilə qəfil hərəkətlər edir. Buna görə də cihaz addımları saya, aktivlik dövrlərini qeydə ala və insan uzun müddət hərəkətsiz qaldıqda ona hərəkət etməyi xatırlada bilər.

Digər bir göstərici isə bədən tərkibidir. Bu göstərici bioelektrik impedans analizi sensoru vasitəsilə qiymətləndirilir. Ölçmə zamanı bədəndən zəif elektrik siqnalı keçirilir və cihaz toxumaların bu siqnalı necə keçirdiyini müəyyən edir. Əzələlər, piy toxuması və su elektrik siqnalını fərqli şəkildə keçirdiyindən alqoritm piy və əzələ kütləsinin, orqanizmdəki suyun və bədən tərkibinin digər parametrlərinin nisbətini təxmini hesablaya bilir.

Saatlar niyə bəzən səhv nəticələr göstərir?

Cihaz ideal laboratoriya şəraitində işləmir. İnsan daim hərəkət edir, biləyi soyuya bilər, qayış boşala bilər, sensor yuxu zamanı və ya intensiv məşq zamanı yerindən sürüşə bilər. Bütün bunlar siqnalın keyfiyyətinə təsir göstərir. Buna görə də göstəricilərin sizin üçün adi olan normadan kənarlaşmasını dəyişikliklərin dəqiq sübutu kimi qəbul etmək düzgün deyil.

Əvvəlcə cihazın biləyə düzgün bərkidildiyini yoxlamaq, sensoru təmizləmək, sakit vəziyyətdə ölçməni təkrarlamaq və nəticənin yenidən qeydə alınıb-alınmadığına baxmaq tövsiyə olunur. Bununla belə, nəticələri qiymətləndirərkən ölçmə xətasını da nəzərə almaq lazımdır: ağıllı saat tibbi cihaz deyil. Cihaz təxmini göstəricilər təqdim edir və səhv edə bilər.

Məlumatlardan narahatlıq yaratmaq üçün deyil, fayda əldə etmək üçün necə istifadə etməli?

Cihazların təqdim etdiyi məlumatlar, əsasən, konkret vaxtda deyil, müəyyən zaman kəsiyində göstəriciləri müşahidə etmək və dəyişiklikləri izləmək üçün faydalıdır. Məsələn, yuxu göstəricilərini hər gün təhlil etmək və ya bütün məşq boyunca fizioloji göstəriciləri izləmək, bir qayda olaraq, məqsədəuyğun deyil. Üstəlik, bu, zərərli də ola bilər. Hətta tibbdə ortosomniya termini yaranıb. Bu anlayış insanın sağlam yuxuya və trekerin ideal göstəricilərinə nail olmaq istəyindən qaynaqlanan, narahatlılığı ifadə edir. Journal of Clinical Sleep Medicine jurnalında dərc olunmuş məqalədə müəlliflər ağıllı saatların məlumatlarına həddindən artıq diqqət yetirməyin narahatlığı artırdığı halları təsvir ediblər. Buna ideal yuxu qrafiki əldə etmək istəyindən qaynaqlanan narahatlıq da daxildir.

Ağıllı saatların sizin xeyrinizə işləməsi və sağlam həyat tərzini qorumağa kömək etməsi üçün göstəricilərə ümumi mənzərəni anlamağa imkan verən müşahidə gündəliyi kimi yanaşmaq tövsiyə olunur. Məsələn, son vaxtlar hansı göstəricilərin dəyişdiyini, bunun səbəblərini və özünüzü necə hiss etməyinizə necə təsir etdiyini müəyyən edə bilərsiniz.

Bir həftəlik kiçik eksperiment də keçirə bilərsiniz: hər gün təxminən eyni vaxtda yatıb oyanın, günün ikinci yarısında kofein qəbul etməyin, yatmazdan 30–60 dəqiqə əvvəl ekranlardan uzaqlaşın, hər gecə saatınızı taxın və səhərlər göstəriciləri özünüzü necə hiss etdiyinizlə müqayisə edin. Bütün bunları hər hansı dəyişiklik etmək barədə dərhal qərar vermədən həyata keçirin. Həftənin sonunda hansı vərdişlərin daha tez yuxuya getməyinizə, daha rahat oyanmağınıza və fiziki yüklənmədən sonra daha yaxşı bərpa olunmağınıza kömək etdiyini anlamaq asanlaşacaq. Bədən göstəricilərinizi narahatlıq keçirmədən izləməyə kömək edəcək daha 5 sadə tövsiyəni bu materialda toplamışıq.

Tez-tez verilən suallar

  • Ağıllı saatlar tibbi diaqnoz qoya bilərmi?

    Xeyr. Saatın göstəriciləri əsasında müstəqil şəkildə diaqnoz qoymaq və ya müalicəni dəyişmək olmaz. Bəzi funksiyalar arterial təzyiq və EKQ də daxil olmaqla, fizioloji göstəriciləri ölçməyə imkan verir. Lakin qeyri-adi nəticələri həkimlə müzakirə etmək daha məqsədəuyğundur.
  • Saat dəriyə sıx oturmalı və biləkdə sürüşməməlidir. Bununla belə, qayışı qan dövranını məhdudlaşdıracaq qədər sıxmaq olmaz. Ölçmələrin dəqiqliyini artırmaq üçün saatın korpusunu bilək sümüyündən bir qədər yuxarı yerləşdirmək tövsiyə olunur.
  • Ölçmə nəticələrinə saatın istifadə edildiyi şərait təsir göstərə bilər. Düzgün təmas üçün saat biləyə sıx oturmalı və təmiz olmalıdır. Nəbz göstəriciləri, ilk növbədə, fizioloji göstəriciləri izləmək üçün nəzərdə tutulub və tibbi diaqnostikanı əvəz etmir.
  • Bəzi ağıllı saatlar sistolik və diastolik arterial təzyiqi ölçə bilir. Samsung Galaxy Watch bu funksiyanı Samsung Health Monitor tətbiqi vasitəsilə həyata keçirir. İlk növbədə, saatı manjetli adi tonometr vasitəsilə tənzimləmək, daha sonra isə bu prosesi hər 28 gündən bir təkrarlamaq lazımdır. Əldə edilən nəticələr hipertoniyanın müstəqil şəkildə diaqnostikası üçün nəzərdə tutulmayıb.
  • Kardiostimulyatorun olması saatın bütün funksiyalarından istifadə ilə bağlı eyni məhdudiyyətlərin tətbiq edildiyi demək deyil. Elektrostimulyatoru və ya digər elektron tibbi cihazı olan şəxslərə bioelektrik impedans analizi vasitəsilə bədən tərkibinin ölçülməsi tövsiyə edilmir. Digər funksiyalarla bağlı məhdudiyyətləri isə həm saatın, həm də tibbi cihazın istifadə təlimatlarından yoxlamaq lazımdır.
  • Bəli. Saatın uzun müddət taxılması, tərləmə, eləcə də dərinin nəm və ya çirkli qayışla təması qıcıqlanmaya səbəb ola bilər. Saatı quru dəriyə taxmaq, cihazı təmiz saxlamaq və qayışı elə tənzimləmək lazımdır ki, saat biləkdə sürüşməsin, lakin qan dövranını da məhdudlaşdırmasın.

Əsas məlumatlar

  • ● Bədən göstəricilərini, hesablamaq üçün ağıllı saatlar biləkdən müxtəlif siqnallar toplayır: işıq, hərəkət, nəbz, tənəffüs xüsusiyyətləri və digər məlumatlar.

  • ● Nəbz fotopletizmoqrafiya texnologiyası vasitəsilə ölçülür: sensor dəriyə işıq yönəldir və qan axını dəyişdikcə əks olunan siqnalda baş verən dəyişiklikləri qeydə alır.

  • ● SpO₂ də optik üsulla qiymətləndirilir: oksigenlə birləşmiş və birləşməmiş hemoqlobin işığı fərqli şəkildə udur, alqoritm isə əks olunan siqnal əsasında qanın oksigenlə doyma səviyyəsini təxmini müəyyən edir.

  • ● Yuxu və onun mərhələləri cihaz tərəfindən birbaşa deyil, dolayı əlamətlər əsasında müəyyən edilir. Bunlara hərəkətlər, nəbz, ürək ritminin dəyişkənliyi və tənəffüs daxildir.

  • ● Tətbiqdə göstərilən stress səviyyəsi diaqnoz və ya emosional vəziyyətin izahı deyil. Bu, nəbz, onun dəyişkənliyi, tənəffüs, fiziki aktivlik və digər məlumatlar əsasında aparılan fizioloji qiymətləndirmədir.

  • ● Ölçmələrin dəqiqliyinə cihazın biləyə oturuşu, hərəkət, dərinin soyuq olması, qayışın boşalması və siqnalın keyfiyyəti təsir göstərir. Qeyri-adi nəticəni təkrar yoxlamaq tövsiyə edilir. Unutmayın ki, ağıllı saatların ölçmələrində həmişə müəyyən xəta ola bilər və onlar tibbi cihaz hesab edilmir.

  • ● Ən faydalı yanaşma ayrı-ayrı rəqəmlərə deyil, tendensiyalara diqqət yetirməkdir: yuxu, stress, fiziki yük və ümumi vəziyyət bir neçə gün və ya həftə ərzində necə dəyişməsi.

  • ● Cihaz gündəlik vərdişlərin sağlamlığa necə təsir etdiyini anlamağa və orqanizmin ümumi vəziyyətini izləməyə kömək edir, lakin həkim məsləhətini əvəz etmir.

1. Tibbi cihaz deyil. Mütəxəssi̇slə məsləhətləşmək zəruridir.

Digər hekayələri oxuyun